SƏNAYE

ABŞ rəsmisindən SOCAR-a dəstək
15 İYUL
170

ABŞ rəsmisindən SOCAR-a dəstək

2016-07-15 12:54:00

Yunanıstanın ətraf mühit və energetika naziri Panos Skurletis ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzər xüsusi elçisi Amos Hokstaynla görüşüb.

Fins.az APA-ya istinadən xəbər verir ki, görüş çərçivəsində Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsi müzakirə olunub. 

Bundan başqa, görüşdə Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA-nın özəlləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də HRADF DESFA-nın 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. 

2013-cü ilin dekabr ayında SOCAR ilə HRADF və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir. 

Qeyd edək ki, DESFA-nın SOCAR tərəfindən əldə edilmiş 66% səhmlərinin 17%-ini İtaliyanın "Snam" şirkəti almaq niyyətindədir. 

Cənub Qaz Dəhlizi layihəsi "Şahdəniz" yatağının işlənməsi üzrə "Mərhələ-2" çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri 45-47 mlrd. dollar təşkil edir. Bunun təxminən 14 mlrd. dolları Azərbaycanın payıdır. 

Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişlənməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər TANAP və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən TAP kəmərlərinin tikintisi. 

10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272