SƏNAYE

Dövlət Xidməti: Dəm qazından zəhərlənmələrin səbəblərindən biri qazın keyfiyyətsiz olmasıdır
17 İYUN
267

Dövlət Xidməti: Dəm qazından zəhərlənmələrin səbəblərindən biri qazın keyfiyyətsiz olmasıdır

2016-06-17 15:14:00

Azərbaycanda təbii qazın keyfiyyətinin yoxlanılması ilə bağlı Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin nəzdində laboratoriya qurulacaq.

Fins.az APA-ya istinadən xəbər verir ki, bunu idarənin baş məsləhətçisi, hüquqşünas Samid Əliyev bildirib.

Onun sözlərinə görə, artıq laboratoriya qurulub və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən akkreditasiyadan keçir. Hüquqşünas qeyd edib ki, laboratoriya 2-3 aya tam fəaliyyətə başlayacaq. "İstehlakçıdan qazın keyfiyyəti və tərkibi ilə əlaqədar olaraq hər hansı şikayət daxil olarsa, Dövlət Xidmətinin əməkdaşları yerində qazın analizini götürəcək, ardından laboratoriyada yoxlayıb, onun standarta uyğun olub-olmadığını təyin edəcək", - deyə o qeyd edib.

Qurum rəsmisi əlavə edib ki, indiyə qədər dəm qazından zəhərlənmə halları baş verən zaman qazın keyfiyyəti araşdırılmayıb: "Biz hesab edirik ki, dəm qazından zəhərlənmələrin əsas səbəblərindən biri qazın keyfiyyətsiz olmasıdır. Çünki, yanma prosesi düzgün getmir və bunun nəticəsində orada yanmamış qazlar əmələ gəlir. Dövlət Xidməti bu məsələ ilə ciddi məşğul olacaq və bu cür hal və ya hadisə baş verərsə, mütləq qazın tərkibi də araşdırma predmeti olacaq. "Azəriqaz" qazın keyfiyyətini ayda 3 dəfə yoxlamalıdır. Lakin bunu edirlərmi? SOCAR qazı özü istehsal edir. Bundan başqa, qazı satan, yəni istehlakçıya çatdıran, keyfiyyətini yoxlayan da özüdür. Dövlət standartlarına uyğun olaraq hər bir kubmetr üçün 7 600 kilokalori istilik ötürmə qabiliyyəti nəzərdə tutulur. Amma "Azəriqaz" əməkdaşları bunu dövlət müqavilələrində 8 000 kilokalori kimi qeyd edir. Onlar əmin edirlər ki, onları qazın keyfiyyəti yüksəkdir, lakin evimizdə çaydan 3 saata qaynayır. Əslində, bu, istehlakçının hüquqlarının pozulması deməkdir. Qazın tərkibində hava qarışığı olmalıdır. Amma bu hava qarışığı həddindən artıq çox olarsa, partlayışa səbəb olar. Belə hallar isə son zamanlar çox olub".

Məsələyə SOCAR-ın mövqeyini öyrəndik. Şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev fins.az-a bildirdi ki, bu məsələ dəfələrlə qaldırılıb və SOCAR mövqeyini bildirib. "Biz dəfələrlə demişik və yenə bəyan edirik ki, qazın tərkibi ilə bağlı dedyilənlərin heç bir əsası yoxdur. Biz qazın emal mexanizmini izah etmişik. Qazın istifadəsi ilə bağlı standartlar müəyyən olunub. Biz də ona uyğunlaşdırıb veririk".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275