SƏNAYE

20 qrup birləşib maliyyə ala biləcək - YENİ MEXANİZM
02 İYUN
382

20 qrup birləşib maliyyə ala biləcək - YENİ MEXANİZM

2016-06-02 16:41:00

Kənd təsərrüfatı məhsullarının istehsalından tutmuş, son istehlakçıya çatdırılmasınadək maraqlı olan qruplar bir araya gətirilərək maliyyələşdiriləcək.

Dəyər zəncirlərinin yaradılmasını ifadə edən bu iş Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankının birgə icra etdikləri “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində görüləcək. Təxminən 10 min nəfərin faydalanacağı dəyər zəncirlərinin maliyyələşdirilməsi proqnozlaşdırılır.

Nazirlikdən Fins.az-a bildiriblər ki, məqsəd rəqabətədavamlı məhsul istehsalı və tədarükü üçün Azərbaycana məxsus müasir model yaratmaq və həmin modeli bütün ölkədə tətbiq etməkdir. Layihənin xidmət təminatçısının seçimi artıq başa çatıb və maliyyə, satınalma kimi vacib prosedurlar üzrə təminatçını məlumatlandırmaq məqsədilə Gəncə şəhərində təlim keçirilib. Yaxın günlərdə xidmət təminatçısı dəyər zəncirlərini formalaşdıran qrupları seçib bir araya toplamaq üçün fəaliyyətə başlayacaq.

Xidmət təminatçısı rəqabətədavamlı və ixrac qabiliyyətli məhsulların geniş və müasir standartlara uyğun istehsalını təmin edə biləcək iştirakçıları müəyyənləşdirərək, onları dəyər zəncirlərində iştiraka dəvət edəcək.

Layihə çərçivəsində ölkə ərazisində rəqabətədavamlı dəyər zəncirləri qurmaq məqsədi ilə ən azı 20 məhsuldar tərəfdaşlıq təşkil etmək (20 dəyər zənciri yaratmaq) nəzərdə tutulur. Bu dəyər zəncirlərinin ən azı 60 faizində məhsuldarlığın dayanıqlı artımının təmin edilməsi qarşıya məqsəd qoyulub.

Dünya Bankı ilə birgə həyata keçirilən “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi kənd təsərrüfatı sahəsində icrada olan Dövlət proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsinə yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274