SƏNAYE

İlham Əliyev SOCAR-ın yeni inzibati binasının açılışında iştirak edib - FOTOLAR
30 MAY
950

İlham Əliyev SOCAR-ın yeni inzibati binasının açılışında iştirak edib - FOTOLAR

2016-05-30 13:19:00

Mayın 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub.

Prezident İlham Əliyev açılışda iştirak edib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, hündürlüyü 200 metr olan bina 40 mərtəbədən ibarətdir. Binanın təməli 2010-cu il oktyabrın 12-də Azərbaycan Prezidentinin iştirakı ilə qoyulub. Burada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, bina ən müasir avadanlıqla təchiz edilib.

Bildirildi ki, binanın layihələndirilməsi işlərinə 2007-ci ildə başlanılıb. Elan olunan müsabiqədə Fransa, İtaliya, Böyük Britaniya, Koreya Respublikası, Türkiyə və Azərbaycanın bir sıra nüfuzlu şirkətlərinin təkliflərinə baxılıb. Müasirlik, funksional xüsusiyyətlərinin əlverişliliyi, paytaxtın arxitekturasına, habelə Dövlət Neft Şirkətinin qoyduğu texniki şərtlərə uyğunluğu baxımından Koreya Respublikasının “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “Külək-alov” konsepsiyası daha cəlbedici hesab edilib və layihələndirmə işlərinin məhz həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılıb. 2010-cu ilin martında SOCAR-ın yeni inzibati binasının tikintisi üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilib. Dünyanın 8 nüfuzlu tikinti şirkətinin iştirak etdiyi tenderdə Türkiyənin “TEKFEN İnşaat” şirkəti qalib gəlib. Təxminən beş il ərzində aparılan tikinti işləri nəticəsində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlib.

Qeyd olundu ki, SOCAR-ın yeni inzibati binası müasir beynəlxalq standartlara tam cavab verir və burada yüksək təhlükəsizlik tədbirləri görülüb. Binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir. Hündürlüyü 200 metr olan binanın 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla ümumilikdə 5 hektar sahəni əhatə edir. Paytaxtda müasir memarlıq üslubu ilə fərqlənən və xüsusi gözəlliyi ilə seçilən binanın 34-37-ci mərtəbələri rəhbərliyin ofisləri, 18-33-cü mərtəbələr baş ofisin idarə və şöbələri, 3-16-cı mərtəbələr isə şirkətin struktur bölmələrinin ofisləri kimi fəaliyyət göstərəcək. Binanın konstruksiyası dəmir-beton özək divarlı və polad quruluşlu kompozit sistemə əsaslanıb. Rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olan binanın layihəsi Kanadada xüsusi beynəlxalq laboratoriyada virtual şəraitdə sınaqdan keçirilib və saatda 190 kilometr külək sürətinə hesablanıb.

Bildirildi ki, yeni inzibati binada üç konfrans zalı var. Buradakı 233, 110 və 22 yerlik konfrans zallarında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

Konfrans zalı ilə tanışlıq zamanı Prezident İlham Əliyev binanın tikintisini əks etdirən videogörüntülərə baxdı.

Binada hər cür avadanlıqla təchiz olunan iki fitnes mərkəzi də qurulub. Yeni binanın 450 nəfərlik yeməkxanasında, həmçinin 130 nəfər üçün nəzərdə tutulan kafeteriyasında da hər cür şərait yaradılıb. Binanın podyum hissəsində əməkdaşların istifadəsi üçün zəngin ədəbiyyatla təmin edilən kitabxana da var.

Diqqətə çatdırıldı ki, binanın yeraltı hissəsində 1045, ərazisində isə 240 avtomobil yerlik dayanacaqlar yaradılıb. Külək-tunel testinə uyğun olaraq, əsmə amplidudasının məhdudlaşdırılması məqsədilə bina damper sistemi ilə təchiz olunub. Fasadın təmizlənməsi və digər xidmətlər binanın üstündə yerləşən teleskopik səbətli kran vasitəsilə həyata keçiriləcək. Bundan əlavə, bina qoşa kabinəli liftlər və avtomatlaşdırılmış mərkəzi yönləndirmə sistemləri ilə təmin olunub.

Bina ilə tanışlıqdan xatirə şəkli çəkdirildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275