SƏNAYE

"Milli iqtisadiyyat hələ ki, tənəzzülə uğrayır” - İLHAM ƏLİYEV
28 MAY
1048

"Milli iqtisadiyyat hələ ki, tənəzzülə uğrayır” - İLHAM ƏLİYEV

2016-05-28 10:23:00

“Dünyada iqtisadi, maliyyə böhranı dərinləşir, neftin qiyməti aşağı səviyyədədir, gəlirlərimiz azalıb, təbii ki, xərclərimiz də azalır. Ancaq bununla bərabər, biz iqtisadiyyatı şaxələndirməklə, islahatlar aparmaqla bu çətinliyi aradan götürürük”. Fins.az-ın məlumatına görə, bunu Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda çıxışı zamanı Prezident İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, 2016-cı il sabitləşmə ili olmalıdır: “Düzdür, hələ ki, iqtisadi inkişafdan söhbət getmir. Milli iqtisadiyyat hələ ki, tənəzzülə uğrayır, bu, təbiidir, amma bunun insanların gündəlik həyatına heç bir təsiri olmamalıdır. Əminəm ki, sabitləşmə artıq yaxınlaşır, makroiqtisadi göstəricilər yaxşılaşacaq. Əksər neft-qaz ölkələrinin bu il maaşları, pensiyaları kəsmələrinə, ödəmələri dayandırmalarına baxmayaraq, biz maaşları, pensiyaları 10 faiz artırmışıq. Maliyyə vəziyyətimiz də yaxşıdır, sabitdir, valyuta ehtiyatlarımızı yığmışıq”.

Prezident qeyd edib ki, ölkə iqtisadiyyatı dayanıqlı inkişaf etməlidir:"Neft amilindən asılılıq aradan götürülməlidir. Hesab edirəm, hələ bizə bir neçə il lazımdır ki, bu hədəfə çataq və çatacağıq. Bu il həm sənaye potensialının artırılması, həm də kənd təsərrüfatının inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul olunub və konkret addımlar atılıbdır ki, bunlar özünü statistik göstəricilərdə də büruzə verəcək. Əlbəttə, bu ilin sonuna qədər “Cənub” qaz dəhlizinin icrası ilə bağlı bütün lazımi tədbirlər görülməlidir. Heç bir yubanma olmamalıdır. Azərbaycan “Cənub” qaz dəhlizinə dünya bazarlarından 1 milyard dollar vəsait cəlb edib. Bu, nəyi göstərir? Onu göstərir ki, xarici investorların bizə inamı kifayət qədər böyükdür, 2 milyard istəsəydik, 2 milyardı da götürəcəydik. Yəni, bizim xarici borcumuz aşağı səviyyədə, maliyyə vəziyyətimiz və valyuta ehtiyatlarımız isə yüksək səviyyədə olduğuna görə belə imkanlarımız var. “Cənub” qaz dəhlizi strateji layihədir. Bu, imkan verəcək ki, uzun illər, on illiklər bundan sonra biz böyük həcmdə əlavə gəlirlər əldə edək və bu, yeni bir əməkdaşlıq formatıdır. “Cənub” qaz dəhlizində iştirak edən ölkələr təbii müttəfiqlərə çevrilir. Bu müttəfiqlik regionumuzdan kənara çıxır. Bu, bizim maraqlarımıza xidmət göstərir. Azərbaycan Avropa üçün əvəzolunmaz tərəfdaşa çevrilir və biz də çox böyük bazar əldə etmiş oluruq. Ona görə “Cənub” qaz dəhlizinin qrafik üzrə icra edilməsi daim diqqət mərkəzindədir. Mənə mütəmadi qaydada məruzələr edilir. Əminəm ki, biz bu layihəni qrafik əsasında icra edəcəyik".

Dövlət başçısı bildirib ki, bu ilin sonuna qədər Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi gözlənilir: “Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Məndə olan məlumata görə, bu yol bu ilin sonuna qədər açılacaq. Artıq yük göndərən müvafiq tərəflərlə danışıqlar aparılır. Əminəm ki, Asiyadan Avropaya gedən bu ən qısa yol qısa müddət ərzində istifadəyə veriləcək və Azərbaycana çox böyük fayda gətirəcək. Bu ilin sonuna qədər digər önəmli dəhlizin yaradılması istiqamətində vacib addımlar atılacaq. Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər çatdırmalıdır. Bu da qarşıya qoyulan bir vəzifədir. Astara çayı üzərində yeni dəmir yolu körpüsü tikilməlidir. Beləliklə, Şimal-Cənub dəhlizinin önəmli hissəsi həll edilmiş olur. Qalan hissənin yaradılması üçün Azərbaycan gələcək illərdə öz dəstəyini verəcək və o cümlədən maliyyə resurslarını cəlb etməyə hazırdır. Ölkə qarşısında duran əsas vəzifələr bundan ibarətdir. Mən heç şübhə etmirəm ki, ilin sonuna qədər bütün bu vəzifələr icra olunacaq. Biz 2016-cı ili də uğurla başa vuracağıq. Hesab edirəm ki, ondan sonra iqtisadi inkişaf daha da sürətli olmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275