SƏNAYE

TAP-ın təməli qoyulur
17 MAY
398

TAP-ın təməli qoyulur

2016-05-17 16:38:00

Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik Boru Kəmərinin (TAP) təməlqoyma mərasimi keçirilir.

Fins.az "Report"-a istinadəm xəbər verir ki, mərasimdə Yunanıstanın baş naziri Aleksis Tsipras, Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, Azərbaycanın energetika naziri Natiq Əliyev, Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokştayn, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç, TAP konsorsiumunun icraçı direktoru Yan Bredşou, eyni zamanda Albaniya, İtaliya, Türkiyə, Bolqarıstanın yüksək vəzifəli şəxsləri, o cümlədən konsorsiuma daxil olan şirkətlərin nümayəndələri iştirak edirlər.

İki saat davam edəcəyi gözlənilən tədbirdə nümayəndə heyətlərinin qısa çıxışlarının ardından, TAP-ın təməlinə qoyulacaq borunun imzalanması planlaşdırılır.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. "Şahdəniz" yatağından ilk Azərbaycan qazının 2020-ci ildə Avropaya çatdırılması planlaşdırılır.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (820 m) dənizin dibində olacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275