ANALİTİKA

Təbii sərvətlərdən əldə edilən gəlirlər və Suveren fondlar
09 İYUL
1340

Təbii sərvətlərdən əldə edilən gəlirlər və Suveren fondlar

2019-07-09 18:49:00

Suveren fondlar nədir?

İlk suveren fondlar hələ 1950-ci illərdə yaransa da, onlara maraq son dövrdə daha çox artıb. Bu gün suveren fondlar təkcə iqtisadçıların deyil, həmçinin politoloq və elm adamlarının da diqqət mərkəzindədir. Bunun əsas səbəblərindən biri XXI əsrin ilk onilliyində başlayan qlobal iqtisadi böhrandır.

Suveren fondlar və ya milli sərvət fondlarına maliyyə aktivləri, səhmlər, istiqrazlar, əmlak, qiymətli metallar və bu kimi maliyyə alətləri daxildir. Belə fondlar daha çox milli iqtisadiyyatını inkişaf etdirməyə çalışan dövlətlərdə yaradılır. Ölkələr bu fondlardan iqtisadi inkişafın təminatı vasitəsi və uzunmüddətli investisiya mənbəyi kimi istifadə edirlər.

Suveren fondları əsasən iki növə ayırmaq olar: Əmtəə və qeyri-əmtəə fondları.

Əmtəə fondları bərpa olunmayan sərvətlərdən, məsələn, neft, qaz və bu kimi təbii ehtiyatlardan əldə olunan mənfəət hesabına formalaşır.

Norveç, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Rusiya, BƏƏ kimi dövlətlər dünyanın ən böyük əmtəə növlü suveren fondlarına sahibdirlər. Norveç və BƏƏ bu siyahıya başçılıq edirlər.

 Suveren fondların missiyası

Hazırda suveren fondlar qarşılarına iqtisadi inkişafın təminatı, milli sərvətlərin müdafiəsi, gələcək nəsillərə ötürülməsi, makroiqtisadi siyasətdə maliyyə sabitliyinin qorunması kimi bir sıra məqsədlər qoyublar. Bərpa olunmayan təbii sərvətlərdən əldə olunan gəlirlərin gələcək nəsillər arasında da bərabər bölüşdürülməsi əksər suveren fondların əsas məqsədlərindəndir.

Suveren fondların ölkə iqtisadiyyatına töhfəsi özünü müxtəlif üsullarla göstərir. Bu fondlar xüsusilə inkişaf etməkdə olan ölkələrə investisiyalar yatırmaqla möhkəmlənirlər. Bununla yanaşı, suveren fondlar bazarlarda balans tənzimləyicisi kimi çıxış edirlər.

Qlobal iqtisadi böhran dövründə bir çox dövlətlər suveren fondların makroiqtisadiyyatdakı rolunu aydın şəkildə sezdi. Böhran təbii sərvətlərdən və onların satışından əldə olunan gəlirlərdən düzgün şəkildə istifadə tələbini qarşıya qoydu. Dünyanın qabaqcıl suveren fondlarının təcrübəsinə nəzər salmaqla bu tələbin hansı formada yerinə yetirildiyinə baxmaq olar.

Dünya təcrübəsi

Norveçin 1990-cı ildə yaradılmış Dövlət Neft Fonduna (hazırkı adı Dövlət Pensiya Fondu) daxilolmaları hər il hökumət müəyyənləşdirir və parlament tərəfindən təsdiqlənir. Fonda neft gəlirlərinin təxminən yarısı daxil olur. Bu fond iki funksiyanı yerinə yetirir: Sabitləşdirmə və Qoruma. Fond gəlirləri alternativ enerjiyə, xüsusi proqramlara və pensiyalara xərclənir. Fondun aktivlərinin təxminən 60% -i səhmlərə, 35% -i istiqrazlara, 5% -i Avropada (50%), ABŞ və Kanada (35%), Asiyada daşınmaz əmlaka sərf olunub.

Çili Mis Fondu 1985-ci ildə təsis edilib. Hazırda qurum Sosial və İqtisadi Sabitlik Fondu adlanır. Fond valyuta və büdcə gəlirlərini sabitləşdirmək üçün yaradılıb. Fondun vəsaitləri xarici borcların ödənilməsinə və benzinin qiymətinin subsidiyasına yönəldilib. Fondun aktivləri qızıl ehtiyatlarına bərabərdir və Çili Mərkəzi Bankı tərəfindən idarə olunur. Hazırda  Fondda 21 milyard dollardan artıq məbləğ yığılıb.

Venesuela Makroiqtisadi Sabitlik Fondu 1998-ci ildə təsis edilib. Fond mərkəzi hökumət büdcəsinin, regional hökumətlərin və dövlət neft şirkətinin gəlirlərini sabitləşdirmək üçün yaradılıb. Neft gəlirlərinin gələcək nəsillərə ötürülməsi fondun əsas məqsədləri sırasındadır.

Rusiya Federasiyasının Rusiya Stabilləşdirmə Fondu (2008-ci ildən Rusiya Federasiyasının ehtiyat fondları adlanır) əsasən neft gəlirlərinin toplanması və idarə olunması məqsədi ilə yaradılıb.  Fondun gəlirləri büdcə kəsirinin bağlanması, xarici borc üzrə ödənişlərin edilməsi, pensiya proqramlarının həyata keçirilməsi məqsədilə istifadə olunur.

Dünya təcrübəsi suveren sərvət fondlarının idarəetmə sistemlərinin müxtəlif modellərini əhatə edir. Bunlara aşağıdakılar daxildir: 1) fondların vəsaitlərinin dövlət idarəçiliyi; 2) vəsaitlərin qeyri-dövlət idarə edilməsi.

İlk idarəetmə modelinə Norveçin, Küveyt, Qazaxıstan və Kanadanın suveren fondları daxildir. İkinci idarəetmə modelinə nümunə kimi isə Sinqapur, Alyaska və Birləşmiş Ərəb Əmirlikləri fondlarını göstərmək olar.

Bu gün dünyada suveren fondların əksəriyyəti  əsasən neft və neft məhsullarının (58%) ixracından əldə olunan gəlirlərdən yaranır. Bu vəsaitlərin əksəriyyəti Yaxın Şərqin, (əsasən BƏƏ və Səudiyyə Ərəbistanı), Norveçin və Rusiyanın payına düşür.

Azərbaycan Respublikası Dövlət Neft Fondu

Azərbaycanda yaradılan ən böyük suveren fond da neft gəlirləri əsasında formalaşıb. Bu qurum Azərbaycan Respublikası Dövlət Neft Fondudur. ARDNF neft və qaz ehtiyatlarına dair müqavilələrin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur. Fond Ümummilli Lider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə təsis edilib. ARDNF-nin missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir.

ARDNF-nin fəaliyyəti ölkə qarşısındakı aşağıdakı mühüm vəzifələrin həllinə yönəlib:

1. Ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi;

2. Ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi;

3. Neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması.

Bu gün dünya iqtisadçıları və siyasətçiləri suveren fondların gərəkliliyini qeyd etsələr də, onların arasında da iki fikir hökm sürür. Mütəxəssislərin bir qismi bu fondların təbii sərvətlərdən əldə olunan gəlirlərin tənzimlədiyini desələr də, bir sıra iqtisadçılar bəzi dövlətlərin suveren fondlardan sui-istifadə edə biləcəyindən narahatdırlar. Buna görə də yekdil fikir fondların fəaliyyətində şəffaflığın qorunub saxlanmasıdır.

Yeri gəlmişkən, ARDNF-nin fəaliyyətində daim şəffaflıq sahəsinə xüsusi diqqət göstərir. ARDNF-nin hesabat sistemində şəffaflığın təmin edilməsi ilk növbədə Fondun maliyyə fəaliyyəti haqqında hesabatının müstəqil auditor tərəfindən yoxlanılması vasitəsilə həyata keçirilir. ARDNF 2018-ci il dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib.

“ARDNF-in yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271