ANALİTİKA

Baramaçılıqda məhsul mövsümü yaxınlaşır – REPORTAJ
29 MAY
517

Baramaçılıqda məhsul mövsümü yaxınlaşır – REPORTAJ

2019-05-29 10:14:00

Baramaçılıqda məhsul mövsümü yaxınlaşır. Artıq kümxanalarda ipəkqurdları dördüncü yuxunu başa vuraraq beşinci yaşa qədəm qoyub. Bir neçə gündən sonra ipəkqurdları barama sarımağa başlayacaqlar. Təxminən bir həftədən sonra hər bir kümçü öz zəhmətinin bəhrəsini qiymətləndirə biləcək.

Fins.az  aqrar ekspert Nicat Nəsirlinin mövzu ilə bağlı məqaləsini təqdim edir.

Son illər respublikamızda dövlət dəstəyi sayəsində yenidən bərpa edilən məşğuliyyət sahələrindən biri də baramaçılıqdır. Bu sahə hələ sovet dövründən əməktutumlu, az zəhmət tələb edən və kənd adamlarına əlavə gəlir qazandıran bir fəaliyyət növü kimi formalaşıb. Ötən il olduğu kimi, bu il də Çin Xalq Respublikasından 20 min qutu hibrid ipəkqurdu sənaye toxumları (qrena) gətirilərək Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub, 35 rayon üzrə kümçülərə ödənişsiz olaraq paylanılıb.

Kümxanalarda bəslənmə şəraitinin gedişi ilə tanış olmaq üçün bəzi rayonlarda vəziyyətlə maraqlandıq. Yolumuzu ilk olaraq işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən saldıq. 26 illik fasilədən sonra bu il ilk dəfə ipəkqurdu saxlamağa başlayan Cocuq Mərcanlı kəndinin kümçüləri 125 qutu ipəkqurdu götürüblər. Hələlik ilk təşəbbüsü iki ailə göstərib. Ramil Fərhadov ilə Elmir Məmmədov deyirlər ki, cəbhənin təmas xəttində yerləşən kənddə bu sahə ilə məşğul olmaq əlverişlidir. Onlar ilk dəfə bu işi görsələr də, mövsümdə 150 kiloqram barama istehsalı planlaşdırırlar. Kümçülər növbəti illərdə bu sahəni genişləndirmək üçün Cocuq Mərcanlı ərazisində öz həyətyanı sahələrində 300 ədəd tut ağacı əkiblər. Ümumiyyətlə, gələn ilin məhsulu üçün rayon ərazisində 4130 tut ağacı əkilib.

Füzulidə isə baramaçılığa dədə-baba sənəti kimi baxırlar. Çünki sovet dövründə rayon əhalisinin böyük əksəriyyəti barama saxlamaqla məşğul olub. Ona görə də Füzulu bu il ən çox – 1150 qutu ipəkqurdu götürüb. Kümçülərə məsləhət xidmətləri göstərən rayon sakini Azər Mirzəliyevlə birgə Böyük Bəhmənli kəndindəki kümxanalara baş çəkdik. Kənd sakini Rəşid Bayramovun kümxanasına baxış zamanı bəslənmə-qulluq işlərinin səviyyəsi normal qiymətləndirildi. Kümxananın havalanması, temperaturu və digər normalara güzgün əməl edildiyi üçün ipəkqurdlarının inkişafı da tələblərə uyğun gedir.

Növbəti dayanacağımız isə Ağsunun Qaraqoyunlu kəndi oldu. Bu il rayon üzrə 400 qutu ipəkqurdu götürülüb. Bunun böyük əksəriyyəti Qaraqoyunlu kəndinin öhdəsinə düşüb. Kənd sakini Sadiq Əhmədov bizimlə söhbətində bildirdi ki, kənddə sovet dövründə də kütləvi şəkildə baramaçılıqla məşğul olduqları üçün işə ürəklə girişiblər: “Üç ildir dövlətin dəstəyi ilə bu işlə məşğul olmağa başlamışıq. Yem bazasını zənginləşdirmək üçün 2 min ədəd tut ağacı əkmişik. Əsas məsələ yem bazasını genişləndirməkdir. Hər il 500 kiloqram barama istehsal edirik, gələn il daha çox ipəkqurdu götürüb saxlayacağam”, - deyə kənd sakini vurğuladı.

Sonuncu dayanacağımız isə Goranboy rayonu oldu. Bu il rayon üzrə bəslənməyə 375 qutu ipəkqurdu qəbul edilib. Rayonun Zeyvə kənd sakinləri birinci ildir ki, ipəkqurdu saxlamağa başlayıblar. Bunu nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirləri İmran Cümşüdov, Rafail Quliyev, Arıçılıq Mərkəzinin rəhbəri Allahverdi Seyidov, Goranboy və Naftalan üzrə Dövlət Aqrar İnkişaf mərkəzlərinin nümayəndələri, eləcədə Çin və Hindistanda ipəkqurdu bəslənməsi üzrə təlim keçmiş Heyvandarlıq Elmi Tədqiqat-İnstitutunun əməkdaşı Nuranə Qəmbərova kənddəki kümxanalara baş çəkərək kümçülər üçün maarifləndirici təlim keçiblər. İmran Cümşüdov kənd sakinlərinə kümxanaların quru saxlanması üçün əhəngdən istifadə olunmasını tövsiyə edərək, fikrini konkret misallarla əsaslandırıb.

Allahverdi Seyidov beşinci yaşda bəsləmə tədbirləri barədə məlumat verib: “İpəkqurdu üçün sonuncu yaşda ən vacib məsələ yemin normativlər əsasında verilməsi, yer sıxlığının azaldılması, havalandırmanın düzgün qurulmasıdır. Yarpaqlar qurudularaq verilməlidir, əks təqdirdə, kümxanada xəstəlik yarana bilər”.

Nuranə Qəmbərova Çin və Hindistan təcrübəsinə istinad edərək, kümxananın düzgün işıqlandırılmasını məsləhət görüb: “İşıqlandırma bərabər paylanmalıdır, bu, ipəkqurdunun iş keyfiyyətini daha da artırır”.

Təlimdə iştirak etmiş kənd sakinləri tövsiyələrə diqqətlə qulaq asaraq, növbəti qulluq işlərində bu qaydalara ciddi əməl edəcəklərini bildirdilər.

Qeyd edək ki, bu il ölkədə yaş barama istehsalının 800 tona çatdırılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır