ANALİTİKA

İranın müqavilədən qismən çıxması - ABŞ-la artan müharibə təhlükəsi - ŞƏRH
10 MAY
418

İranın müqavilədən qismən çıxması - ABŞ-la artan müharibə təhlükəsi - ŞƏRH

2019-05-10 16:43:00

İran Prezidenti Həsən Ruhani hökumətin iclasında nüvə proqramı ilə bağlı Əhatəli Razılaşma Müqaviləsində üzərinə götürdüyü öhdəliklərin bəzilərini yerinə yetirməyəcəyini bildirib. O, uranın zənginləşdirilməsinin səviyyəsini artırmaqda davam edəcəklərini və ağır suyun satışını mayın 8-dən etibarən dayandırdıqlarını vurğulayıb. Hökumət başçısı bu aksiyanın 60 gün davam edəcəyini bildirib. Artıq rəsmi Tehran ABŞ istisna olmaqla, “altılıq” ölkələrindən beşinə məsələ ilə bağlı məktub göndərib.

Yeri gəlmişkən, Əhatəli Razılaşma Müqaviləsi 2015-ci il iyulun 15-də imzalanıb. 2018-ci il mayın 8-də ABŞ İranın nüvə proqramı üzrə müqavilədən çıxıb. Bununla bağlı qərarı prezident Donald Tramp imzalayıb. Həmin il yanvarın 9-da rəsmi Tehran ABŞ-ın müqavilədən çıxacağı təqdirdə, İranın da razılaşma ilə bağlı öhdəlikəri yerinə yetriməkdən imtina edəcəyini açıqlamışdı. Razılaşmaya əsasən,15 il ərzində İranın az zənginləşdirilmiş uran ehtiyatları 98 faiz azaldılaraq ümumi çəkisi 10 tondan 300 kiloqrama endirilməliydi.

Müqavilədə həmçinin qeyd olunub ki, İran 15 il ərzində uranı 3,67% səviyyəsinədək zənginləşdirə bilər, bu müddətdə zənginləşdirmə ilə bağlı yeni obyektlər yarada bilməz, İran zənginləşdirmədə istifadə etdiyi 19 min sentrifuqanın 2/3-nin fəaliyyətini dayandıracaq, fəaliyyətdə yalnız 6 014 sentrifuqa qalmalıdır. Yaxın 10 ildə isə zənginləşdirmə üçün İran 5 060 sentrifuqa saxlamalıdır, İran uranın zənginləşdirilməsini ancaq Nətənzdə apara bilər, 15 il ərzində isə Fordo nüvə obyekti bu yöndə fəaliyyət göstərə bilməz və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA)10 il İranın atom-nüvə proqramına nəzarət edəcək. Bu və bu kimi şərtlər yerinə yetiriləcəyi halda, İrana qarşı sanksiyaların götürülməsi prosesi başlayacaqdı. Sənədin qüvvəyə minməsi üçün iştirakçı dövlətlərdə uyğun təsdiqləmə prosesi baş verməliydi. Ancaq ABŞ-da prezident seçkiləri ilə bağlı tədbirlərin başlaması müqavilənin qüvvəyə minməsini ləngitdi. Bunun ardınca prezidentliyə namizəd olan Donald Tramp razılaşmaya qarşı çıxaraq sənədin İran hakimiyyətinin xeyrinə olduğunu bildirdi. ABŞ-ın hazırkı prezidenti onda vurğulamışdı ki, seçiləcəyi halda ölkəsini müqavilədən çıxaracaq. Bu, onun seçkiqabağı vədlərindən biri idi. Donald Tramp bu öhdəliyinə bir il əvvəl əməl etdi.

Halbuki, təxminən, 4 il əvvəl bu sənəd imzalanarkən dünyanın aparıcı güclərinin beynəlxalq təhlükəsizliyi təhdid edən bir problemin danışıqlar yolu ilə həllini tapdığı zənn olunurdu. Yaxın Şərqdəki, o cümlədən Suriyadakı, İraqdakı hadisələr, terrorçu İŞİD qruplaşmasının fəallığının artması fonunda bu hadisəni dünyanın bir çox ölkələri alqışladı. Ancaq ABŞ İranın nüvə proqramının şəffaf olmadığını, habelə ballistik raketlər hazırladığını, beynəlxalq terrorçuluğu dəstəklədiyini vurğulayaraq Tehranın razılaşmanı pozduğunu bəyan etdi. 

Deməli, ABŞ 2018-ci ilin noyabrında İrana qarşı 12 maddəlik şərt irəli sürdü. Başqa sözlə, Tehran hakimiyyətinin həmin şərtləri yerinə yetirəcəyi təqdirdə, sanksiyaların aradan qaldırıla biləcəyini bəyan etdi. Ötən ay ABŞ İran İqilab Keşikçiləri Qvardiyasını terrorçu təşkilatlar siyahısına daxil etməklə yanaşı, bu ölkənin neft ixracına tətbiq etdiyi sanksiyanın müddətini uzatmaqla Tehrana qarşı daha sərt mövqe tutduğunu göstərdi. Bu il mayın 5-də ABŞ-ın “Abraham Lincoln” aviadaşıyıcısını İran sahillərinə yollaması isə vəziyyətin daha da gərginləşəcəyindən xəbər verirdi. Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bu məsələ ilə bağlı açıqlamasında bildirdi ki, Amerika aviadaşıyıcısı və operativ bombardmançı qrupu İrana qarşı "amansız güc" tətbiq etməyə hazırdır: “Biz İrana aydın və səhvsiz siqnal göndəririk”. Müşavir qeyd edib ki, İrana qarşı hərbi əməliyyatlar keçirmək istəmirlər. Bununla belə o, Vaşinqtonun Tehranın ABŞ və müttəfiqlərinin maraqlarına hücumlarına cavab verəcəyini vurğulayıb.

Beləliklə, hadisələrin gedişindən belə anlamaq olar ki, ABŞ-la İran silahlı qarşıdurma ərəfəsindədir. Ancaq bunun baş verəcəyi ehtimalı azdır. Çünki İslam Respublikası hakimiyyətindən ABŞ-ın müttəfiqləri belə hələ tam imtina etməyiblər. Bundan başqa, İranın dünya ölkələri ilə iqtisadi əlaqələri zəif deyil. Yeni müharibə ocağının qalanması həm də ABŞ-ın regional müttəfiqləri üçün təhlükəli ola bilər. Müharibə, ilk növbədə, ABŞ-dan çox İrandakı hakimiyyətin işinə yarayacaq. Tehran bundan yararlanaraq həll edə bilmədiyi çoxsaylı problemləri ABŞ-la apardığı müharibəyə bağlayacaq. Bu isə ABŞ-ın İranda dəyişmək istədiyi vəziyyətin daha bir müddətə qalmasına səbəb ola bilər.

Fikrimizcə, ABŞ İrana qarşı müttəfiqlərini bundan sonra daha da səfərbər etməyə çalışacaq. Həsən Ruhaninin müqavilənin müəyyən şərtlərindən 60 gün müddətinə çıxmaları ilə bağlı qərarı Donald Tramp administrasiyasına bu istiqamətdə fəaliyyət göstərmək üçün əlavə imkan yaratdı. Başqa sözlə, İran hökuməti bu qərarı ilə onun irəli sürdüyü ittihamları təsdiqləyib. Bununla da Tehran hakimiyyəti Vaşinqtonun irəli sürdüyü 12 maddəlik şərti qəbul etməkdən tamamilə boyun qaçırıb. Hadisələrin belə inkişafı ABŞ-ın İrana qarşı beynəlxalq mövqeyini gücləndirəcək. 

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027