ANALİTİKA

Dünya bazarında platin ucuzlaşmaqda davam edəcək - ANALİTİKA
06 DEKABR
81

Dünya bazarında platin ucuzlaşmaqda davam edəcək - ANALİTİKA

2018-12-06 15:01:00

Bu ilin əvvəlində dünya bazarında 1 unsiyasının qiyməti 900 – 1 000 ABŞ dolları civarında dəyişən platin hazırda 800 dollardan ucuzdur.

Fins.az “Report”a istinadən məlumat verir ki, bu qiymətli metalın dəyərini xeyli sayda amil, o cümlədən baş verən müxtəlif hadisələr, bazardakı möhtəkirlik halları, sənaye müəssisələrinin ona tələbatı və alıcılıq qabiliyyəti müəyyən edir.

“Platinium Geild International” (PGI) nəşrinin builki son hesabatında bildirilir ki, ABŞ-da zərgərlik məmulatlarının istehsalı ilə məşğul olanların platinə tələbatı dünya üzrə ümumi tələbatın 22%-ni təşkil edir. Bu isə kifayət qədər əhəmiyyətli göstəricidir. Son 15-20 il ərzində avtomobil sənayesinin platinə tələbatı 30% azaldığından zərgərlik sektoru tələbatın həcminə görə 4-cü pillədən 2-ci pilləyə yüksəlib. Əvvəllər 2-ci yerdə olan kimya sənayesi isə hazırda 1-ci yerdə qərarlaşıb. Burada bu metaldan avtokatalizator kimi istifadə edilir. Elektrotexnika sənayesi əvvəlki kimi yenə də 3-cü ən böyük platin alıcısıdır. Vaxtilə 1-ci olan avtomobil istehsalçıları isə hazırda 4-cüdür.

“Report”un analitik qrupu hesab edir ki, dünya bazarında platin ucuzlaşmaqda davam edəcək. Məsələ ondadır ki, son illər zərgərlik sektoru da platindən az istifadə etməyə üstünlük verir və daha çox ağ qızıla yönəlir. Son nəticədə platin qızılla müqayisədə daha çox ucuzlaşıb. Bundan başqa, platin külçələrinin hazırlanması prosesində saxtakarlıq halları artıb. Bunu aşkar edən texnologiyalar kifayət qədər inkişaf etmədiyindən investisiya aləti kmi qızıla dhaa çox maraq var. Bütün bunlar isə platinə tələbatı azaldır.

2017-ci ildə əmtəə birjalarında realizə edilmiş platinin ümumi dəyəri 27,8 mlrd. dollar təşkil edib ki, bu da 2016-cı ilə nisbətən 25,5% çoxdur. Qiymətli metalın ən böyük ixracatçıları Cənubi Afrika, Böyük Britaniya, Rusiya, ABŞ və Almaniya olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255