ANALİTİKA

Planetimizi məhv edən bəlalardan biri – QURAQLIQ - Fotolar
17 APREL
398

Planetimizi məhv edən bəlalardan biri – QURAQLIQ - Fotolar

2018-04-17 12:17:00

BMT-nin Ərzaq Təşkilatının (FAO) hesabatına əsasən, 2005-1015-ci illərdə quraqlıq dünyanın kənd təsərrüfatına 29 milyard dollar ziyan vurub. Bu da dünya iqtisadiyyatına quraqlığa görə dəyən ziyanın 83 faizidir. Təşkilat bildirir ki, quraqlığın yaratdığı fəsadlar ildən ilə artır.

Hesabat dövründə quraqlıq Asiyaya 48, Afrikaya 26, Latin Amerikası və Karib regionlarına isə, 22 milyard dollar ziyan vurub. Afrika və Yaxın Şərqin 18 ölkəsi münaqişə səbəbindən ciddi ərzaq böhranı ilə üz-üzədir. Sözügedən regionlarda 74 milyon adam yaşayır.  

Yazda və payızda yağıntının normadan çox aşağı və hava temperaturunun xeyli artıq, hava rütubətliyinin isə xeyli aşağı olduğu uzun dövr quraqlıq adlanır.

Quraqlıqda torpaqdakı rütubət ehtiyatı buxarlanmaya və transpirasiyaya sərf olunaraq qurtarır, bitkilərin normal inkişafı üçün əlverişli olmayan şərait yaranır, normal fotosintez şəraiti pozulur, nəticədə tarla, otlaq və biçənəklərdə məhsul azalır, yaxud tamamilə məhv olur. Süni suvarma, tarlaqoruyucu meşə zolaqlarının salınması quraqlığa məruz qalan yerlərdə quraqlığa davamlı bitkilərin əkilməsi də yaxşı nəticə verir.

Azərbaycanın düzənlik və dağətəyi bölgələri üçün də quraqlıq olduqca təhlükəli təbii hadisələrindən biri hesab edilir. Qeyd edilən bölgələrdə yaz və yay aylarında yağıntıların düşmədiyi illər quraq keçir.

Quraqlıq keçən illərdə yağıntıların az düşməsi ilə əlaqədar olaraq dağətəyi bölgələrin bir çox çayları quruyur və nəticədə kənd təsərrüfatı bitkilərinin, otlaqların və meyvə bağlarının suvarılması üçün yerüstü suvarma suları tələbatı ödəmir. Bu dövrdə yeraltı suların yerüstü sular hesabına qidalanması da kəskin şəkildə azalır. Vegetasiya dövründə kənd təsərrüfatı əkinlərinin suya olan tələbatı əsasən yeraltı şirin və az minerallı sular hesabına ödənilir.

Aparılan hesablamalar göstərir ki, Azərbaycanda yeraltı suların içmək və məişət xidmətləri üçün istifadəsi ümumi hasilatın 20-23%-ni təşkil edir. Bu sulardan suvarma və texniki məqsədlər üçün istifadə isə təxminən 80%-ə bərabərdir. Quraqlıq keçən illərdə bu həcm bəzən 90 %-ə çatır ki, bu da vegetasiya dövründə yeraltı suların istismar ehtiyatlarının kəskin şəkildə azalması və qrunt suları səviyyəsinin mütəmadi olaraq aşağı enməsi ilə nəticələnir.

Quraqlıq yaradan amillərdən biri də quru küləklərdir. Quru küləklər Azərbaycana Orta Asiyadan şərq və cənub, cənub-şərq istiqamətli isti hava kütlələrinin axması, eyni zamanda, cənubdan və cənub-qərbdən tropik hava kütlələrinin daxil olması nəticəsində əmələ gəlir. Belə küləklər əsən dövrdə torpaq-qruntun nəmliyi kəskin şəkildə azalır. Quraqlıq və quru küləklər olan müddətdə bitkilərin transpirasiya fəaliyyəti artır. Bu dövrdə bitkiləri əhatə edən mühit çox isti olduğundan və qrunt sularının səviyyəsi kəskin şəkildə aşağı düşdüyündən bitkilərin kök sistemi yerüstü hissəsinə nəmliyi çatdıra bilmədiyi üçün onların vəziyyəti kəskin dəyişir, rütubət balansı pozulur, yarpaqlar bürüşür, qönçə və çiçəklər quruyaraq tökülməyə başlayır.

Quraqlığa qarşı mübarizə məqsədilə düzənlik və dağətəyi bölgələrdə süni sututarlar (su anbarları, gölməçələr, su hovuzları) yaradılmalıdır. Güclü yağışlar yağan dövrlərdə çaylarda daşqınların qarşısını almaq və eyni zamanda, su ehtiyatı yaratmaq məqsədilə sel suları bu cür sututarlarda toplanılmalı və quraqlıq vaxtlarda kənd təsərrüfatı bitkilərinin suvarılması məqsədi ilə istifadə edilməlidir. Suvarma torpaqda çatışmayan nəmliyi tamamlayır və lazımi dərəcəyə çatdırır, eyni zamanda torpağın münbitliyini yüksəldir, suvarılan ərazidəki mikroiqlimi yaxşılaşdırır, torpağın fiziki-kimyəvi, istilik və bioloji xüsusiyyətlərini əlverişli istiqamətdə dəyişdirir, bunların nəticəsində isə bitkilərin inkişafına müsbət təsir göstərməklə məhsulu artırır. Quraqlıq dövründə aparılan suvarma zamanı günəş enerjisinin çox hissəsi havanı qızdırmağa yox, əkin sahəsindən olan fiziki buxarlanmaya və bitkilərlə transpirasiyaya sərf edilir. Bunun nəticəsi olaraq suvarılan sahə üzərində havanın temperaturu aşağı düşür, nisbi rütubəti isə yüksəlir. Bununla da torpağın deqradasiyasının və səhralaşmasının qarşısı qismən də olsa alınır.

Azərbaycanda quraqlığa qarşı mübarizədə süni suvarma üsullarından geniş və səmərəli surətdə istifadə olunmalıdır. Bu məqsədlə səth, yağışyağdırma, dispers su damcıları (aerozol), yeraltı (torpaqdaxili), damcı və subirriqasiya kimi suvarma üsulları tətbiq edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253