ANALİTİKA

ABŞ-ın iqtisadi müharibəsi dünyaya nə vəd edir? - TƏHLİL
12 APREL
631

ABŞ-ın iqtisadi müharibəsi dünyaya nə vəd edir? - TƏHLİL

2018-04-12 12:01:00

Çox ciddi iqtisadi proseslərin başladığının şahidi olmaqdayıq. Öncəki məqalə və müsahibələrimdə ABŞ-ın yürütməyi planlaşdırdığı proteksionist və izolyasionist siyasətlərinə və bu siyasətlərin mahiyyəti və tarixlərinə toxunmuşdum. Artıq ABŞ bu istiqamətlərdə ciddi addımlar atmaqdadır. İzolyasionist siyasət çərçivəsində son 1 il ərzində heç bir ölkədə hərbi əməliyyatlar keçirməyən ABŞ hətta Suriyadan çəkilmək haqqında bəyanatlar səsləndirir. Zaman-zaman həyata keçirdiyi proteksionist siyasəti (öncələr də qeyd etdiyim kimi ABŞ bu siyasəti öz tarixində bir neçə dəfə həyata keçirmişdir) çərçivəsində atdığı addımlar daha ciddi əks-sədalar verdi. Niyə indiyə qədər həyata keçirdiyi proteksionist siyasətlərdə bu qədər ciddi müqavimətlə üzləşməyən ABŞ indi bu siyasətin həm də bir sıra mənfi təsirlərini özündə hiss etməkdədir. ABŞ-ın fond birjaları ciddi dalğalanmalar yaşamaqdadırlar. Araşdırmalar göstərir ki, məhz birjalardakı dalğalanmalar adətən böhranların ilkin xəbərçisidir. Bəzi göstəricilər vəziyyətin daha təhlükəli həddə çata biləcəyini göstərir. Məsələn 06 aprel tarixində Dow Jones sənaye indeksinə daxil olan 30 böyük şirkətin hamısının səhmləri müəyyən dəyər itirdilər. SP500, Nasdaq və digər birjaların indekslərində də təqribi günlük 2.5% eniş yaşandı. Bu həftə ərzində ABŞ daxil Çin, Yaponiya, Cənubi Koreya, Avropa Birliyi və digər ölkələrin birjalarında ciddi dalğalanmaların şahidi olduq. Bir neçə böyük şirkətin (Facebook, Tesla, Amazon) səhmlərində ciddi qiymət enişləri baş verdi. Doğrudur, ciddi enişlərdən sonra bu şirkətlərin səhmlərinin qiymətlərində korreksiyalar da baş verdi. Lakin xüsusilə Çin ilə hər hansı iqtisadi əlaqəsi olan şirkətlərin səhmləri düşməyə başladı. Çin ABŞ-ın polad və alüminiuma tətbiq etdiyi əlavə 25% gömrük tariflərinə cavab olaraq ABŞ-dan idxal olunan donuz əti, şərab və meyvələrə əlavə 25% gömrük tarifləri tətbiq edəcək. Bir haşiyə çıxım. Bu malların əhatə etdiyi idxal rəqəmi 3 milyard dollardır. İqtisadi təhlil ona görə çətindir ki, hər bir kəs ABŞ-ın zərərini hesablarkən bu rəqəm ətrafında düşünürdü. Qeyd edim ki, ABŞ il ərzində 100 milyard dollar civarında polad və alüminiumin idxal edir. 3 milyard bu rəqəm qarşısında çox kiçik görünürdü. Lakin, iqtisadiyyatda yoluxma effekti sanki unudulmuşdu (bu effektin gücünə böhranların öyrənərkən və təhlil edərkən dəfələrlə şahid oldum). Çin çox ağıllı siyasət yürüdərək ABŞ iqtisadiyyatı ilə müxtəlif mürəkkəb əlaqələri yaratmağa müvəffəq olduğu üçün bu əlaqələrin qopması həm də ABŞ üçün zərərli olmağa başladı. Məsələn, Çin ABŞ-ın proteksionist siyasətini ticarət müharibəsi kimi qəbul edir. Hadisələrin mənfi istiqamətdə inkişafı nəticəsində ABŞ-ın bir sıra şirkətləri Çində olan fabriklərini bağlasa və ya kiçiltsə Çində iş yerlərinin sayı və investisiya həcminə mənfi təsir edəcək. Amma bu addım həm də həmin şirkətlərin rentabelliyini azaldacaq. Çünki Çindəki ucuz işçi qüvvəsi səbəbindən malların maya dəyəri aşağı idi. Bu səbəbdən ABŞ vergi kəsintiləri həyata keçirmişdi ki, bunu müəyyən dərəcədə kompensasiya edə bilsinlər. Dünyanın ən böyük polad ixracatçılarından biri olan Cənubi Koreya da ciddi zərərlə üzləşə bilər. O cümlədən Yaponiya da, Avropa Birliyi də. Bu ölkələrin hamıs ABŞ-ın müttəfiqləridir.

O halda ABŞ bu addımı niyə atdı? Məcbur idi. Çünki təkcə 2017-ci il ərzində ABŞ-ın ticarət balansının kəsiri 566 milyard dollar, büdcə kəsiri isə 666 milyard dollar olmuşdu. Bu kəsirləri örtmək üçün əlavə dollar çapı isə çıxış yolu deyildir (çünki bu bir il ərzində deyil, hər il təkrarlanan kəsirlərdir), əksinə inflyasiya risklərini artırır. ABŞ tarixində həyata keçirilmiş proteksionist siyasətlər ABŞ-ın daha da güclənməsi ilə nəticələnsə də bu dəfə fərqli nəticələr görünməkdədir. Çünki, dünya iqtisadiyyatı daha da mürəkkəbləşmiş, əlaqələr isə hörümçək toru kimi daha sıx və çoxtərəfli olmuşdur. 
Dünyanın 2 ən böyük iqtisadiyyatları da daxil olmaqla dünya iqtisadiyyatında bundan sonra nə baş verəcəyi ciddi bir şəkildə izlənilir. Zənnimcə 3 əsas senari vardır. 1) ABŞ başlatdığı siyasətin mənfi təsirlərini minimallaşdırır, siyasətini inadla davam etdirir, ticarət balansının kəsiri azalır, etdiyi müxtəlif yardımları azaltmaq, hərbi əməliyyatlarda iştirak etməmək vasitəsi ilə qənaət edir, vergi azalmalarını bu yolla kompensasiya edir və büdcə kəsirini azaldır. Vergi azalmaları da öz növbəsində biznesin inkişafını sürətləndirir. 2) Başlanan proteksionist siyasət ABŞ iqtisadiyyatında kataklizmlər yaratdığı üçün və müttəfiqlərin ciddi təzyiqi nəticəsində yumşaldılır; izolyasionist siyasət isə davam etdirilir, büdcə kəsiri azalır, iqtisadiyyat daha da genişlənməkdə davam edir; 3) ABŞ başlatdığı proteksionist siyasətin mənfi təsirlərini minimallaşdıra bilməsə də inadla siyasi kursunu davam etdirir. Bu da iqtisadi kataklizmlər deməkdir. Siyasi kataklizmlər də bu halda istisna deyildir. Təəssüf ki, hər 3 senarinin də dünya ölkələrinə mənfi təsiri vardır. ABŞ isə bununla mesaj verir ki, dünya iqtisadiyyatının gedişini və taleyini də mən təyin edirəm və mənim addımlarımdan asılıdır. Həqiqətdir, nə qədər acı olsa da.
Bütün bunların ölkəmizə hansı təsirləri ola bilər, bizim üçün zərərləri, yoxsa faydaları daha çox ola bilər? Bu haqda fikirlərimi növbəti statusumda sizlərlə bölüşəcəyəm.

Elman Sadiqov

Iqtisadçı ekspert (Fins.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256