ANALİTİKA

Azərbaycanda hər 4 nəfərdən birinin kredit borcu var – ANALİTİKA
30 MART
749

Azərbaycanda hər 4 nəfərdən birinin kredit borcu var – ANALİTİKA

2018-03-30 13:36:00

“2015-ci ilin iki şok devalvasiyasından sonra Azərbaycan iqtisadiyyatının  üzləşdiyi əsas problem və çətinliklər bank sektorunda olub və həmin çətinliklər bu il də davam edir. Bank sektorunu sağlamlaşdırmadan qeyri-neft sektorunu lazımı səviyyədə inkişaf etdirmək çətin olacaq. Problemli kreditlər, xüsusən də xarici valyutada olan kreditlər problemini etibarlı şəkildə həll etmədən bank sisteminin də etibarlı şəkildə sağlamlaşdırılmasından danışmaq olmaz”. Fins.az Banker.az-a istinadən xəbər verir ki,bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Deputat bildirib ki, 2015-ci ilin ilk devalvasiyasına qədər problemli kreditlər 1 milyard manatın altında olub və bu da təhlükəli həddən xeyli aşağı idi.

“İndi problemli kreditlərin həcmi təhlükəli həddi keçərək 2 milyard manata doğru gedir. Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var.  Hökumət bu problemin həllini dondurmaq siyasəti yeritməklə əslində həm də hər gün, hər həftə, hər ay özünün də bu problemi həll etmək şansını itirməkdədir. Vəziyyətin yaxşılaşdırılması istiqamətində sanballı addımlar  atılmasa, maliyyə bazarları və bank sisteminin problemləri daha da ciddiləşəcək. Bu isə iqtisadiyatımızda əlavə ciddi problemlər yaradacaq. Məhkəmə işlərinin xeyli hissəsi kreditlərlə bağlı olub və onların  normal fəaliyyətə mane olur. Bu əhaliyə və banklara da çox mənfi təsir göstərir. Bu, ölkədə iqtisadi fəallığın artması qarısında maneyə çevrilib. Kredit qoyuluşları azalır. Ona görə də  bank sistemini çətin vəziyyətindən çıxarmaq və əhalini borc tələsindən qurtarmaqdan ötrü hökumət problemli kreditlər, xüsusən də dollarla olan kreditlər probleminin həllini sürətləndirməlidir”.

Əli Məsimli deyir ki, 2 il əvvəl deputat həmkarı Vahid Əhmədovla birlikdə problemli kreditlər məsələsinin optimal həllinin tapılması istiqamətində ölkənin tanınmış mütəxssislərinin də fikirlrini almaqla təkliflər hazırlayıb aidiyyatı orqanlara göndəriblər.

“Həmin təkliflər paketi ümumi maliyyə sağlamlaşdırılması kontekstində xarici valyutada olan kreditlərlə bağlı əhalinin və biznes strukturlarının düşdüyü ağır vəziyyətdən çıxarılmasını da nəzərdə tutur. Mərkəzi Bank ilk mərhələdə buna razı olsa da, digər aidiyyəti hökumət strukturları razı olmadı. Bizim verdiyimiz təkliflər xarici valyutada olan kreditlər ətrafında yaranmış problemin kəskinliyini xeyli azalda bilər…
Həmin təkliflərin mahiyyti bundan ibarıtdir ki, devalvasiya nəticəsində borcunu əvvəlki qaydada ödəyə bilməyən şəxslərə güzəştlər tətbiq edilsin. Bu məsələdə bizim mövqeyimiz hökumətə də, ictimaiyyətə də məlumdur: dollarla olan kredit probleminin ağırlığı dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında dörd yerə bölünsün ki, heç bir tərəfə ağırlıq düşməsin. Eyni zamanda araşdırma aparılsın, həqiqətən borcunu ödəmək iqtidarında olmayan şəxslərin borcları silinsin. Fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul etməsi, şəhid ailələrı, kimsəsizlər, aşağı pensiya alan pensiyaçılar, krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlərin isə məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlansın.Əvəzində dövlətin banklara birbaşa və dolayısı ilə dəstək verməsi, bu əsasda bankların fəaliyyətinin normallaşdırılması istiqamətində zəruri işlər aparılsın”.

Deputat deyir ki, bunları nəzərə alaraq martın 6-da Milli Məclisin iclasında  “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” çox zəruri bir qanun layihəsinə görə prezidentə təşəkkür ediblər və xarici valyutada olan kredit borclarının tənzimlənməsi haqqında da qərarın verilməsi xahişi ilə müraciət ünvanlayıblar:

“Martın 16-da isə Milli Məclisin yaz sessiyasının növbəti iclasında  “Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında  hesabatı”nın müzakirəsi zamanı  Maliyyə Sabitliyi Şurasına, Mərkəzi Banka, Maliyyə Nazirliyinə, Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etdik ki, problemli kreditlərlə bağlı təkliflərə həsas yanaşsınlar və problemin həllinin sürətləndirilməsinə təsir etsinlər. Bu problem nə qədər tez həl olunsa, iqtisadiyyatımıza, banklara və əhaliyə də bir o qədər yaxşıdır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256