ANALİTİKA

ÜDM artır: Əsas hədəf nə olmalıdır? – TƏHLİL
20 FEVRAL
459

ÜDM artır: Əsas hədəf nə olmalıdır? – TƏHLİL

2018-02-20 15:25:00

2018-ci ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 6049,5 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2% çox ümumi daxili məhsul (ÜDM) istehsal edildiyi qeydə alınıb ki, bu zaman qeyri-neft sektorunda 3,9% artıq əlavə dəyərin istehsal olunduğu, neft sektorunda isə 0,5% azaldığı nəzərə çarpıb.

2017-ci ili bütövlükdə 0,1% göstəriciylə başa vurmuşuq. Ümumiyyətlə, keçən il əvvəlcədən iqtisadiyyatda bərpa ili olaraq proqnoz edilmişdi. Belə ki, sözügedən ildə ardıcıl olaraq 2 ildir davam edən geriləmə prosesinin dayanacağı və stabilləşmə müşahidə olunmağa başlayacağı qeyd edilmişdi.

Buna da, hökumətin 2016-cı ilin əvvəlindən həyata keçirməyə başladığı tədbirlər, yəni, iqtisadiyyatı idarəetmə sistemini təkmilləşdirməsi ilə yanaşı, bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini dəyişdirməsi, o cümlədən, pul-kredit siyasətini daha da sərtləşdirməsi, həmçinin xarici iqtisadi faktorların təsirlərinin də həmin ilin ikinci yarısından yumşalmağa başlaması, xüsusən də neftin qiymətinin hasilatçı ölkələr tərəfdən istehsalın azaldılacağıyla bağlı söhbətlər ortaya çıxan gündən sabitləşməsi zəmin yaratmışdı.

Yeri gəlmişkən, 2017-ci ilin yanvarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 5233,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən cəmi 0,8 % çox ÜDM istehsal olunduğu qeydə alınmışdı.

Cari ilin yanvarında ÜDM istehsalının 48,4 %-i sənayedə, 9,6%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5 %-i nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,0%-i tikintidə, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i informasiya və rabitə sahələrində, 15,8%-i isə digər sahələrdə istehsal edilib. Göründüyü kimi, 2018-ci ilin yanvarında istehsal olunan ÜDM-in strukturunda sənaye aparıcı rol oynayıb.

Məlumdur ki, hökumət 2018-ci ildə ÜDM-in artımını 1,5%, orta illik inflyasiyanı 6,1% səviyyəsində proqnozlaşdırıb. Odur ki, sual doğur, yanvarın nəticəsinə görə, bunun özünü doğruldacağını söyləmək olarmı?

Hesab edirəm ki, 2016-cı ildə 3,1% azalmadan sonra 2017-ci ildə 0,1% artımın qeydə alınması, bu il üçün ən azı neftin dünya bazar qiymətlərinin sabit qalacağıyla əlaqədar daha yüksək nəticə əldə olunacağını vəd edir. Bundan əlavə, ölkənin qeyri-neft sektorunda inkişaf davam edir. Və hökumətin qeyri-neft məhsullarının ixracının getdikcə genişləndirilməsi istiqamətindəki tədbirləri yeni vüsət alır. Yeri gəlmişkən, 2018-ci ildə qeyri-neft sektorunda 2,9%, növbəti illərdə isə orta hesabla 3%-dən yuxarı artım proqnozlaşdırılır. Düzdür, neft sektorunda azalma bunun müsbət təsir imkanlarını məhdudlaşdıracaqdır. Söhbət ÜDM istehsalının yeksəlməsi tempindən gedir. Bununla belə, Azəri-Çıraq-Günəşli yataqları üzrə keçən il yeni müqavilənin imzalanması ölkə iqtisadiyyatının inkişafına təkan verəcək. Və neft sektorunda azalan, qeyri-neft sektorunda isə əksinə, artan tendensiya sonradan biri-birilərinə hazırda olan əks-təsirlərini dayandırmalı olacaq.

Odur ki, hökumət qarşıdakı illərə də inamla baxır. Məsələn, ÜDM istehsalının artımı üzrə sonrakı illərdə daha yüksək rəqəmlər proqnozlaşdırılır: 2019-cu ildə 72,727 milyard, 2020-ci ildə 77,403 milyard, 2021-ci ildə isə 81,053 milyard manat... Bu isə real ifadədə uyğun olaraq, 1,4 %, 3,7 və 2,9 % təşkil edir.

Yeri gəlmişkən, beynəlxalq qurumlar da ölkəmizdə ÜDM artımına optimist yanaşmaqdadılar. Misal olaraq, “Fitch” beynəlxalq reytinq agentliyi qrupuna daxil olan “BMI Research” araşdırma şirkətinin Azərbaycanda növbəti iki il üçün iqtisadi artımla bağlı proqnozunu diqqət mərkəzinə gətirmək olar. Belə ki, “Ölkə üzrə risk” adlı proqnoz hesabatda bu il ölkəmizdə iqtisadi artımın 2017-ci illə müqayisədə 1,2 %, gələn il isə 3,3 % təşkil edəcəyi qeyd olunub. “Nominal ifadədə 2018-ci ildə ÜDM-in 43,4 milyard dollar, 2019-cu ildə isə 47,3 milyard dollar olacağı gözlənilir”,– deyə, hesabatda vurğulanıb.

Ancaq əsl həqiqət bundan ibarətdir ki, iqtisadi artım daim vəsait qoyuluşu tələb edir. Necə ki, avtomobilə yanacaq tökülməsə, hərəkət edə bilmədiyi kimi, iqtisadiyyat da investisiyasız inkişaf etmir. 

Ölkəmizdə isə investisiyalar ən çox neft sektoruna qoyulub və bu gün də məhz ora qoyulur. Halbuki qeyri-neft sektorunda bunun üçün gözəl zəmin var. Düzdür, son vaxtlar qeyri-neft sektoruna da daxili və xarici sərmayə qoyulur. Lakin, qeyri-neft sektoruna daha çox xarici sərmayə cəlb etməyə çalışmalıyıq ki, ÜDM istehsalında artıcıl artıma nail ola bilək. Bu, ən ümdə vəzifə təşkil etməlidir. 

Bəli, hazırda hökumət də daxil, müxtəlif xarici maliyyə və iqtisadi qurumlar Azərbaycanda makroiqtisadi göstəricilərə, yəni artımla bağlı proqnozlar irəli sürürlər. Əlbəttə, bunlar ümumən götürdükdə təxmini xarakter daşıyır. Odur ki, bunlara əhəmiyyət vermək lazım deyil. Fakt bundan ibarətdir ki, bizdə ÜDM istehsalı neftsiz aşağı səviyyədədir. ÜDM istehsalı həcminin azalmasına təsir edən əsas amilin sənayenin neft hasilatı və emalı sahələrində istehsalın azalması olduğunu burada da qeyd etdim.

Odur ki, əslində, ÜDM-in 1-2% aşağı və yaxud yuxarı olması məsələsi hazırda əsas hədəf sayılmalı deyil. İstehsalda dayanıqlıq əldə etmək və xarici bazarların təsirlərindən yaxa qutarmaq şərtdir. Bax, əsas prioritet hələlik, məhz bu olmalıdır.
 
© azvision.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256