ANALİTİKA

"Qafqazda ən ucuz yanacaq bizdədi"
22 DEKABR 2016
2106

"Qafqazda ən ucuz yanacaq bizdədi"

2016-12-22 09:00:00

Təxminən eyni dövrdə Azərbaycanda qaz tariflərinin bahalaşması, Ermənistanda isə əksinə, ucuzlaşması insanlarda narahatlıq yaradıb. Bəzi mətbuat orqanlarında müvafiq müqayisələr aparılaraq, Ermənistanda qazın ucuzlaşması müsbət mənada vurğulanır. Həmçinin son günlər düşmən ölkədə benzin və dizel yanacağının da sürətlə ucuzlaşdığı bildirilir.

Fins.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, Ermənistanda ev təsərrüfatında işlənən təbii qazın bir kubmetrinin qiyməti 5 faiz endirilir - 147 dramdan 139 drama düşür (29 ABŞ senti və ya 51 qəpik). Azgəlirli ailələr isə təbii qazın hər kubmetrinə görə 100 dram (21 sent) ödəyə bilərlər.

Ötən ayın 28-də Azərbaycanın Tarif Şurası ölkədə təbii qazın qiymətində dəyişiklik etdi. Bu dəyişikliyə görə illik istehlak həcmi 1500 kubmetrdən çox olan hissə üçün qiymət artımı nəzərdə tutulub, bu cür istifadəçilər yanvarın 1-dən bir kubmetrə görə 20 qəpik, yəni 11.4 ABŞ senti ödəyəcəklər.

Bundan başqa, son günlər Ermənistanda benzin və dizel yanacağının qiymətləri düşüb. Dekabrın 15-də Premium markalı benzinin bir litri 350 dram (0, 70 dollar), Regular markalı benzinin 1 litri 330 dram (0, 68 dollar), dizelin 1 litri isə 320 dram (0, 66 dollar) idi. Hazırda isə bu yanacaqların hər biri 10 dram ucuzlaşıb. Yanacağın ucuzlaşmasını bazardakı rəqabətlə əlaqələndirirlər. Ermənistan İqtisadi Rəqabətin Müdafiəsi Dövlət Komitəsinin sözçüsü Qayane Saakyan deyib ki, bazarda yanacağı çox aşağı qiymətlərlə idxal edən firma peyda olub.

Qeyd edək ki, ölkəmizdə dizelin bir litri 60 qəpiyə, Aİ 92 markalı benzinin litri isə 70 qəpiyə satılır.

İki ölkədə qazın və yanacağın qiymətləri arasında aparılan bu müqayisəni dəyərləndirən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Ermənistanda qiymətlər nə qədər ucuzlaşsa da, Azərbaycanla müqayisədə yenə də ikiqat bahadır: “Ermənistanda qazın qiyməti Azərbaycanla müqayisədə daha bahadır. Onlarda son dövrlərdə qaz ona görə ucuzlaşıb ki, 2016-cı ildə Ermənistanla Rusiya arasında hökumətlərarası saziş imzalanıb və bunun nəticəsində Ermənistan qazı bir qədər ucuz almağa başlayıb. Bu sazişlə Ermənistanın qaz şirkəti ”Qazprom"dan qazı ucuz alır. Ermənistan hökuməti də daxildə satış qiymətlərinin qrafiklərini ucuzlaşdırıb. Ermənistandakı qiymətlə götürsək, 1000 kubmetr qaz 289 dollara gəlib çıxır. İndi bu qiymət müəyyən qədər endirilib. Lakin bu o demək deyil ki, Ermənistanda qaz ucuzdur. Ermənistanda, eləcə də Gürcüstanda qazın qiyməti Azərbaycandan bahadır. Çünki xarici qazpaylayıcı şirkətlər onlara qazı həddindən artıq baha satırlar".

Ekspertin sözlərinə görə, Ermənistanda və Gürcüstanda bazar dövlət tərəfindən tənzimlənmədiyi üçün ildə bir neçə dəfə qiymət dəyişikliyi yaşanır:

“İkinci bir məsələ isə odur ki, onlarda tənzimləyici mexanizm bazardır. Əgər bu sistemlə yanaşsaq, Gürcüstanda mütəmadi olaraq qazın, dizelin, yüksək oktanlı benzinin qiyməti aşağı düşür. Ancaq bu qiymətlər hələ Azərbaycandakından ucuz deyil. Digər bir fərq də odur ki, Azərbaycanda bazar dövlət tərəfindən tənzimlənir, bazar iqtisadiyyatının elementləri tətbiq edilmir. Əgər Azərbaycanda enerjidaşıyıcılarının satışı bazarında bazar elementləri mövcud olsaydı, bizdə də ildə 3-4 dəfə qiymətlər qalxa və enə bilərdi. Ona görə də bu müqayisə düzgün deyil”.

Yanacağın qiymətinə gəlincə, İlham Şaban bildirdi ki, bunun səbəbi də qiymətlərin daxili bazar tərəfindən tənzimlənməsidir: “Orada qiymətləri bazar müəyyənləşdirir. İdxal olunan yanacağın qiyməti ucuzlaşdıqda avtomatik qiymətlər enir, əksi baş verdikdə isə qalxır. Neftayırma zavodları qiyməti aşağı salan kimi Ermənistanda bu ucuzlaşma başladı. Azərbaycanda hazırda dövlət tənzimlənməsi olmasaydı, eyni proses baş verəcəkdi. Bu ölkədə dizel və benzinin qiyməti Azərbaycanla müqayisədə bahadır. Son ucuzlaşmanı nəzərə alsaq belə, yenə də bahadır. Qafqazda bizdən ucuz yanacağı olan ölkə yoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8311
  • € EUR
    1.9659
  • ₽ RUB
    0.0307