ANALİTİKA

Azərbaycanda istirahət bahalaşacaq - QİYMƏTLƏR
02 İYUN
807

Azərbaycanda istirahət bahalaşacaq - QİYMƏTLƏR

2016-06-02 12:20:00

İyunun 15-dən etibarən Azərbaycanda yay turizm mövsümünə start verilir.

Fins.az xəbər verir ki, “Bizim yol” qəzetinin bu mövzuda hazırladığı yazıda bildirilir ki, ölkəmizdə ilk dəfə dünyaca məşhur "Formula-1" yarışlarının keçiriləcəyini, Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsini və regionun turizm ölkələrində baş verən terror aktlarını nəzərə alsaq, bu il Azərbaycana gələcək turistlərin sayında artım olacağını proqnozlaşdırmaq olar.

Qəzet yazır ki, ölkənin turizm imkanları bəllidir. Bəs görəsən, Azərbaycanın istirahət mərkəzlərində dincəlmək yerli turistlər üçün nə dərəcədə əlçatandır? Bu imkandan daha çox kimlər faydalanır? İstirahət mərkəzlərinin təklif etdiyi qiymətlərə hansı xidmətlər daxildir?

Xaricdə dincəlmək imkanı olmayan ölkə vətəndaşlarının yay aylarında daha çox Qəbələ, İsmayıllı, Nabran, Lənkəran zonasında istirahətə üstünlük verdiyini nəzərə alan müəllif bu bölgələrdə yerləşən turizm mərkəzlərindəki qiymətlərlə maraqlanıb.

"Exotic Tour Baku" şirkətinin nümayəndəsi şirkətin ölkədaxili təşkil etdiyi 1 günlük turların qiymətini və xidmətini açıqlayıbı: "İyun 4-ü, 12-si, 18-i, 26-sı Qəbələyə tur təşkil olunacaq. Tur 21 manata naharsız, 31 manata naharladır. Eyni gündə Qəbələ-Lahıc turu da olacaq. Bu tur isə 23 manata naharsız, 33 manata naharla təşkil olunur.

İyun ayında Qəbələ-Şəki turu da var. Turun qiyməti: 23 manata naharsız, 33 manat naharla. Bu ay digər istiqamətlərə də tur təşkil etmişik. Şamaxı turunun qiyməti: 20 manata naharsız, 30 manata naharlı. Lahıc turunun qiyməti: 22 manata naharsız, 32 manata naharlı. Masallı-Yardımlı turunun qiyməti: 22 manata naharsız, 32 manat naharlı. Atlant-Nabran turunun qiyməti isə naharla birlikdə 36 manatadır. Turun qiymətinə nəqliyyat, tur rəhbəri, fotosessiya, səhər yeməyi və gəzinti daxildir.
Lənkəran-Lerik rayonunun 36-cı kilometrliyində yerləşən "Cənub" Turizm İstirahət Mərkəzinin nümayəndəsi bildirdi ki, burada bir günlük qalmaq üçün iki nəfərlik 60 manat, 4 nəfərlik 100 manatdır: "Müştərilər kotteclərdə yerləşdirilir. Bu qiymətə səhər yeməyi daxildir. Çay kənarında yerləşən Mərkəzdə bilyard, tennis və "WI-FI" var. Günorta və axşam yeməklərinin qiyməti sifarişdən asılıdır".

Xaçmaz rayonu, Nabran qəsəbəsində yerləşən "Atlant" Ailəvi İstirahət və Əyləncə Mərkəzinin nümayəndəsi bildirdi ki, yalnız iyunun 12-nə qədər hər müştəriyə xidmət göstərə biləcəklər: "Bir şirkətlə bağlanan müqaviləyə görə, iyunun 12-dən sonra onlara xidmət göstəriləcək. Amma həmin günə qədər istənilən müştəriyə qapı açıqdır. Bir nəfər üçün yalnız səhər yeməyi daxil olmaqla xidmət haqqı 35 manatdır. Bir nəfər üçün gündə üç dəfə yemək verməklə xidmət haqqı 50 manatdır".

İsmayıllı rayonunda yerləşən "Qaya" İstirahət Mərkəzinin nümayəndəsi bildirdi ki, burda da qiymətlər müxtəlif, xidmət eynidir: "Otel və kotteclər müştərilərin xidmətindədir. Bir kottec 4 nəfər üçün nəzərdə tutulub və burada qiymət 120 manatdır. Oteldə isə qiymətlər fərqlidir. Bir yataq, bir də qonaq otağı olan nömrə üçün 80 manat, yalnız bir otağı olan nömrə üçün isə 60 manat ödəmək lazımdır. Bu qiymətlərə bir günlük qalmaq və səhər yeməyi daxildir".

Xaçmaz rayonu, Nabran qəsəbəsində yerləşən "Palma" İstirahət Mərkəzinin nümayəndəsi bildirdi ki, Azərbaycanda yay turizm mövsümünə start verildiyi gündən sonra qiymətlər bahalaşacaq: "Bir nəfər üçün yer 50 manatdır. İyunun 15-dən etibarən bu qiymət 60 manata olacaq. Bu qiymətə yalnız səhər yeməyi daxildir. Gündə üç dəfə yemək bir nəfər üçün 100 manatdır. Mərkəzdə iki hovuz, atraksionlar və diskoteka fəaliyyət göstərir".

Beləliklə, istirahət mərkəzləri, o cümlədən regionlardakı otellər yenə də göstərdikləri xidmətə görə yüksək qiymətlər təklif edirlər. Məhz buna görə də istirahət mövsümlərində insanlar ölkə daxilində dincəlməkdənsə, xaricə getməyə üstünlük verirlər. Çünki hətta yol xərci əlavə olunsa da, yenə də xaricdə istirahət etmək, Azərbaycandakından ucuz başa gəlir.

DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Dinara Ağalıyeva "Bizim Yol"a bildirib ki, turizm sahəsi qeyri-neft sektoru üzrə Azərbaycanda prioritet sahə hesab olunur: "Ona görə də, turizm üçün əhəmiyyətli bölgələrdə tələbata uyğun olaraq hotellər və istirahət mərkəzləri tikilib. Turistlərin cəlb edilməsi məqsədi ilə Qəbələdə və Şəkidə beynəlxalq tədbirlər həyata keçirilib. Turizm sahəsində xidmətlər aşağı səviyyədədir. Ona görə də hökumət tərəfindən turizm peşəsi üzrə standartlar müəyyən olunub ki, Azərbaycan Turizm və Menecment Universiteti bu istiqamətdə çalışır, mütəxəssislər hazırlayır. "Mehmanxana idarəçiliyi", "Qeyd-qəbul", "Xadiməçilik" və "Masa xidməti" ixtisasları üzrə dərslər keçirilir. Eyni zamanda Bakı Turizm Peşə Məktəbində də mütəxəssislər hazırlanır.

Hələ ki, istirahət mərkəzlərində və hotellərdə xidmət aşağı səviyyədədir. Bunun bir səbəbi də orta məktəbi bitirən şəxslərin bu peşəyə marağının olmaması ilə bağlıdır. Çünki maarifləndirmə kifayət qədər yetərli səviyyədə deyil.

Xidmətin aşağı səviyyədə olmasının bir səbəbi budur: Universiteti bitirən şəxslər birbaşa hotellərin departament rəhbəri olmaq istəyir. Onlar hotellərdə aşağı vəzifədə çalışmaq istəmirlər. Odur ki, təcrübəsi olmayan şəxslərin bölmələrə rəhbərlik etməsi nəticəsində xidmət sahələrində nöqsanlara yol verilir".

Dinara Ağalıyeva bildirir ki, bu ilin statistikasına görə, təkcə Bakıda 150-ə yaxın hotel var: "Onların 12-si brend hotellərdir. Brend hotellərin özünün qiymət siyasəti var. Onlar mərkəzləşdirilmiş sistemlə tənzimlənirlər.

Amma lokal hotellərdə qiymətlə bağlı vəziyyət başqadır. Burada qiymətlər əvvəllər sahibkarın istəyi ilə təyin olunurdusa, son zamanlar bazar şərtlərinə uyğun olaraq müəyyənləşir. Dünyaca məşhur onlayn bronlaşdırma platforması saytları var ki, həmin internet səhifələrində hotellərin ulduzları və qiymətləri göstərilir. İndi bundan sahibkarlar xəbərdardırlar və xidmətlərini aşağı qiymətdə təqdim etməyə cəhd edirlər. Xidmətin səviyyəsini yüksəltmək və qiymətini aşağı salmağa ehtiyac var.

Buna rəğmən hesab edirəm ki, hər kəs cibinə uyğun olaraq hotel və ya istirahət mərkəzi tapa bilər. Xüsusən regionlarda seçim imkanları çoxdur".

Ekspert Azərbaycanın istirahət mərkəzlərində və hotellərində qiymətin baha olmasının səbəbini açıqladı: "Buna əsas səbəb ölkədə yeyinti məhsullarının istehsalının aşağı səviyyədə olması ilə bağlıdır. Üstəlik, idman əyləncə mərkəzlərinin qiymətinin nisbətən yüksək olması və nəqliyyat xərclərinin şişirdilməsi nəticəsində tur paketinin qiyməti baha başa gəlir".

Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında yayılan məlumata görə, 24-31 may tarixlərindəGəncədə türkiyəli mütəxəssislər tərəfindən turizm və otelçilik sahəsində çalışanlar üçün 4 sahə üzrə təlimlər həyata keçirilib. İyun ayı ərzində isə Göyçay şəhərində "Gənclər üçün Turizm və Mədəniyyət Düşərgəsi" adlı layihə həyata keçiriləcək. Layihə çərçivəsində müxtəlif ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə düşərgə təşkil olunacaq. İştirakçılar turizm sahəsində nəzəri və praktiki biliklərinin artırılması, yüksək səviyyəli xidmətin təşkili, ölkəmizin turizm potensialı, beynəlxalq turizm və s. istiqamətlər üzrə maarifləndiriləcək.

Bu günlərdə adı çəkilən nazirliyin "Mədəniyyət" qəzeti tərəfindən Bakı və Tiflis şəhərlərindəki mehmanxanalar arasında araşdırma aparılıb. Araşdırmanın nəticəsinə görə, Bakıda fəaliyyət göstərən mehmanxanaların orta qiymətlərinin, Tiflis şəhərindəki mehmanxanaların təqdim etdiyi orta qiymətlərdən təhlilin aparıldığı aylar üzrə daha aşağı olduğu məlum olub.

Sözügedən araşdırmada, hər iki şəhərdə fəaliyyət göstərən 2-5 ulduz kateqoriyalı mehmanxanaların 2016-cı ilin may, iyun, iyul və avqust aylarında təsadüfi olaraq seçilmiş tarixlər üzrə təqdim etdiyi 2 nəfərlik standart otaqlarda 3 gecəlik orta qiymətlər müqayisə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270